Finlandiyanın məşhur Sampo firmasının müxtəlif modelli kombaynları Azərbaycan fermerləri üçün uzun müddətdir ki, tanışdır. Artıq 10 ildən artıq müddətdir ki, taxıl biçinində Sampo markalı kombaynlar yüksək texniki göstəriciləri ilə fermerlərin istifadəsindədir və yerli istifadəçilər tərəfindən rəğbətlə qarşılanmaqdadır. Sampo şirkəti Azərbaycan fermerlərinə satış və satış sonrası xidmətlərin keyfiyyətini yüksəltmək məqsədilə bu sahədə böyük təcrübəyə malik Gəncə Avtomobil Zavoduna əməkdaşlığa dair müraciət etmişdir. Gəncə Avtomobil Zavodu müraciəti yüksək qiymətləndirərək 23.07.2019-cu il tarixdə Sampo şirkəti ilə gələcək əməkdaşlığa dair memorandum imzalamışdır. Memoranduma əsasən iki şirkət arasında yaxın zamanlarda distribütorluq müqaviləsi imzalanması nəzərdə tutulmuşdur. Həmçinin memorandum imzalanma mərasimində yeni ildən etibarən Gəncə Avtomobil Zavodunda Azərbaycan şəraitinə uyğun kombaynların yığılması mümkünlüyü də qeyd olunmuşdur.

Memorandum Sampo şirkəti adından region üzrə satış və marketinq direktoru Sami Seppala və Gəncə Avtomobil Zavodu adından Baş direktor müavini Elşən Məmmədov tərəfindən imzalanmışdır. Ölkəmizdə taxıl biçini ilə bağlı yaranmış kombayn çatışmazlığını aradan qaldırılması üçün Gəncə Avtomobil Zavodu bu memorandumla yenidən kənd təsərrüfatına öz dəstək və töhfəsini vermiş olacaqdır.

30 Sentyabr 2019